BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq", -deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir", - paylaşımda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.