BAKI, 3 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər.
Bu barədə təbriklərini onlar Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.
Tokayevin sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.
Özbəkistan Prezidenti Mirziyoyev isə vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.
Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub: "Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm".