BAKI, 3 noyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasının sərhəd təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olduğunu bildirib. Bu barədə o, parlamentdə 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı danışıb.
Nazir bildirib ki, Ermənistan Avropa İttifaqı ilə sıx əlaqələri inkişaf etdirməyə davam edəcək və hazırda tərəflər yeni əməkdaşlıq sahələri açır və müəyyənləşdirirlər. Bunlara misal olaraq siyasi və təhlükəsizlik sahəsində dialoqu açıqlayıb.
O, həmçinin viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlandığını vurğulayıb.
Xarici işlər naziri həmçinin digər Qərb oyunçuları, xüsusən də Fransa və ABŞ ilə münasibətləri prioritet adlandırıb.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilmişdi. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylər üçün əlverişli şərait yaratmaq kimi təqdim edilib. Noyabrın 1-də missiya Yeqnadzorda baş ofisini açıb.