SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mirziyoyev Türk dünyası xartiyası və Türk İnkişaf Bankının yaradılmasını təklif edib

Dövlətlərimiz arasında sənaye əməkdaşlığını gücləndirmək və böyük investisiya layihələrini həyata keçirmək üçün biz Türk İnkişaf Bankının yaradılması üzərində işi gücləndirməliyik.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Özbəkistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri türk dünyası üçün xartiya hazırlamağa çağırır. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Astanada keçirilən TDT sammitində deyib.
"Əsas məqsədimiz bütün maneələri birgə və səmərəli şəkildə dəf etmək üçün təşkilat daxilində qarşılıqlı hörmət, etimad və şəffaflıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan mən Türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Türk xalqlarının birliyi, onların böyük keçmişi, zəngin mədəniyyəti və ata-baba dəyərlərindən bəhs edən nadir simvolik ensiklopediyanın aparıcı alim və ekspertlərin iştirakı ilə hazırlanmasını təklif edirəm", - Mirziyoyev bildirib.
O, həmçinin Türk İnkişaf Bankının yaradılması üzrə işləri gücləndirməyə çağırıb.
"Dövlətlərimiz arasında sənaye əməkdaşlığını gücləndirmək və böyük investisiya layihələrini həyata keçirmək üçün biz Türk İnkişaf Bankının yaradılması üzərində işi gücləndirməliyik. Biz bu maliyyə institutunu Daşkənddə yerləşdirməyə hazırıq", - Özbəkistan lideri qeyd edib.
O, TDT tərəfdaşlarını ticarətdə maneələrin aradan qaldırılmasına yönəlmiş konkret tədbirləri birgə həyata keçirməyə, ixrac və idxalın yeni həcmlərinin artırılması üçün yeni mexanizmləri geniş şəkildə tətbiq etməyə, elektron ticarət platformalarını inkişaf etdirməyə çağırıb.
"Qlobal logistika zəncirlərinin, nəqliyyat dəhlizlərinin inkişafı və şaxələndirilməsi, vahid tranzit şəbəkəsinin formalaşdırılması məsələləri aktual əhəmiyyət kəsb edir", - Özbəkistan rəhbəri vurğulayıb.
O, Orta Nəqliyyat Dəhlizinin yaradılması layihəsini, eləcə də təşkilat ölkələrindən Çin, Cənubi Asiya və Avropa bazarlarına keçən digər marşrutları qeyd edib.