BAKI, 2 noyabr — Sputnik. "Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi ilə bağlı Milli Hidrometeorologiya Xidməti, AMEA və aidiyyəti elm və təhsil müəssislərində çoxsaylı tədqiqatlar, araşdırmalar aparılsa da, hələ ki kifayət qədər qeyri-müəyyənliklər qalmaqdadır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib.
O bildirib ki, çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll yollarının araşdırılmasıdır:
"Müşahidələrimizin nəticələri göstərir ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində baş verən səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə 29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq 26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlanıb".
Xidmət rəisi vurğulayıb ki, ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib:
"2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb. Hazırda Xəzər dənizinin səviyyəsi fəsilə uyğun olaraq Baltik sistemi ilə 28,79 metrə bərabərdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.