BAKI, 2 noyabr — Sputnik. Rusiyanın Sverdlovsk vilayəti Azərbaycana meşə məhsullarının tədarükünü çoxaltmağa hazırdır. Bunu vilayət qubernatorunun müavini Vasili Kozlov bildirib.
Onun sözlərinə görə, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi mövcud potensiala uyğun deyil.
Sverdlovsk vilayətinin işgüzar missiyasının Bakıya səfərinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyi gözlənilir.
"Biz Azərbaycandan Sverdlovsk vilayətinə tərəvəz və meyvə tədarükünün artacağını gözləyirik", - deyə Kozlov "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən brifinqdə deyib.
Vasili Kozlov
© Sputnik / Murad Orujov
Qubernator müavininin sözlərinə görə, son illər Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 100 milyon dollar həcmindədir ki, bunun da, təxminən 90 milyon dollarını Azərbaycana ixrac təşkil edir, 10 milyon dolları isə respublikadan idxal olunur.
O qeyd edib ki, beş il ərzində Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsini iki dəfə artırmaq planlaşdırılır.
Kozlov, həmçinin bildirib ki, Sverdlovsk vilayətinin biznes missiyası Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyində görüş keçirməyi planlaşdırır.
"Bundan əlavə, Azərbaycan ilə Sverdlovsk vilayəti arasında nəqliyyat və logistika infrastrukturunun inkişafı çox vacibdir", - deyə o qeyd edib.
Qubernator müavininin sözlərinə görə, bu məsələdə Azərbaycandan da keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çox vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.