BAKI, 2 noyabr — Sputnik. 2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Milli Məclisdə müzakirəsi bütün ölkə üzrə suverenliyin bərpasını yaşadığımız bu günlərə təsadüf edir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu layihələr regionumuzda yaranan reallıqlar nəzərə alınmaqla, ölkəmizin güclü milli iqtisadi resurslara söykənərək inkişafına zəmin yaradacaq:
"Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub. Əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də layihədə yer alıb. Dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin enməsi kimi bir sıra mühüm faktorlar layihələr hazırlananda nəzərə alınıb".
Daha sonra nazir bildirib ki, vergi daxilolmalarının da azalması müşahidə olunur. Bununla yanaşı hazırda dünya enerji bazarlarında mövcud olan əlverişli qiymət konyukturasında neft istehsalının azalması, təbii qaz hasilatının artması neft sahəsində olan azalmanın kompensasiyası sayıla bilər.
"Bunlar dövlət büdcəsinə neft-qaz sahəsindən vergi gəlirlərinin 420 milyon manat məbləğində artmasına, yaxud azalmasına gətirib çıxara bilər. Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır. Ona görə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik", - deyə S.Şərifov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.