BAKI, 2 noyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) tərkibində Ermənistan ərazisindən keçən beynəlxalq və regional kommunikasiyaların təhlükəsizliyini təmin edən xüsusi bölmə yaradılıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində bölmə yaradılıb, onun funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olmalıdır. Nəzərinizə çatdırım ki, bu bölmə artıq yaradılıb. Əvvəl biz bunun üçün müəyyən hazırlıq işləri həyata keçirmişik. Lakin bu gün biz deyə bilərik ki, bu bölmə artıq yaradılıb və dünən işə başlayıb".
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.