BAKI, 1 noyabr - Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
Müdafiə Nazirliyinin məlumatına əsasən, Vətən müharibəsinin 36-cı günü - noyabrın 1-də döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.
Tərtər rayonunun yaşayış məntəqələri növbəti dəfə artilleriya atəşinə tutulub.
Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.
Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.