TƏHSİL

Nazir keçmiş məcburi köçkün məktəblərinin gələcək fəaliyyətinə münasibət bildirib

Emin Əmrullayev 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək bu məsələdə iki variantın mövcud olduğunu bildirib.
Nazir 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb: "Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.