BAKI, 29 oktyabr — Sputnik. Süni intellekt gələcəkdə təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artıraraq, mövcud problemləri daha da gücləndirəcək.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Böyük Britaniya hökumətinin süni intellekt üzrə təhlükəsizlik sammiti ərəfəsindəki hesabatında söz açılıb.
“2025-ci ilə qədər generativ süni intellekt tamamilə yeni risklər yaratmaqdansa, mövcud riskləri daha da dərinləşdirəcək”, - sənəddə belə qeyd edilib.
Hesabatın müəllifləri, həmçinin 2030-cu ilə qədər terrorçu qrupların biosilah hazırlamağa cəhd etmək üçün süni intellektdən istifadə etməyə başlaya biləcəyindən narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiya Şurası süni intellekt texnologiyalarının inkişafı üçün dövlət platformasının yaradılmasını təklif etmişdi.