QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bərdə terrorunun şahidi: "Müharibəni ermənilər bizim evin içinə gətirdilər"

2020-ci il oktyabrın 28-də Ermənistan Ordusu Bərdənin dinc əhalisini raket atəşinə məruz qoyub.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində törətdiyi terrordan üç il ötür. 2020-ci il oktyabrın 28-də Ermənistan Ordusu Bərdənin dinc əhalisini raket atəşinə məruz qoyub. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” raketi atılıb. Nəticədə 20 nəfər həlak olub, 82 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisə şahidləri ilə həmsöhbət olub. Həyat yoldaşı Əsgər Allahverdiyevi həmin hadisədə itirən Mətanət Allahverdiyeva olay barədə danışıb:
“Bura yaxın yerdə yaşayırıq. Bomba səslərini eşitdik. Amma ağlıma gəlmədi ki, o gələn səs həyat yoldaşımı məndən alacaq. Oğlum zəng elədi ki, ana, atam yaralanıb. Özümü xəstəxanaya çatdırdım. Orada dedilər ki, sizin həyat yoldaşınız yaralanmayıb, həyatını itirib”.
Müsahibimizin sözlərinə görə, həmin gün həyat yoldaşını hər zaman olduğu kimi işə yola salıb:
“Yoldaşım ət satılan yerdə işləyirdi. Atılan raketin bombacıqlarından biri o işlədiyi yerə düşmüşdü. Ermənilər mənim üç övladımı atasız qoydular. O, hərbçi deyildi. O müharibə zonasına getməmişdi. Müharibəni ermənilər bizim evin içinə gətirdilər. Mülki əhalini atəşə tutdular. Bir təskinliyimiz odur ki, torpaqlarımız işğaldan azad edildi. Həyat yoldaşım kimi onlarla şəxsin qanı yerdə qalmadı. Biz onunla sağlığında da fəxr edirdik. Ölümü ilə də bizə fəxr hissini yaşatdı”.
Erməni terroru nəticəsində şəhid olanlardan biri də Vasif İsmayıllıdır. Bacısı Aytən İsmayıllı deyir ki, həmin gün qardaşı evə ərzaq almaq üçün bu əraziyə gəlib və orada həyatını itirib:
“Qardaşım Bərdəyə atılan raketin qurbanı oldu. Mənim atam Ağdam döyüşlərində şəhid olub. Qardaşım da burada şəhid oldu. Atamı anarkən başa düşürük ki, o döyüşərək şəhid olub. Amma qardaşım erməni terrorunun qurbanı oldu. Qardaşım dinc sakin idi və ailəsi üçün bazarlıq etməyə yollanmışdı. O, dükanın qarşısında həyatını itirdi. Bərdədə ilk şəhid olan qardaşım olub”.
Bərdədə ermənilərin törətdiyi terror hadisəsinin qurbanlarının anım mərasimi
Rayon sakini Fazil Hacıyev isə aptekə dərman almağa yollanıb. Ailəsi onun dərman alıb dönəcəyini gözləsə də, onun meyiti ilə qarşılaşıb. Oğlu Pərviz Hacıyev deyir ki, atası aptekin qarşısında həlak olub:
“Atam aptekin qarşısında şəhid olmuşdu. Dərman alarkən. Aptekə girib dərman alıb çıxanda kasetli bombalar düşüb atamın yanına, elə orada dünyasını dəyişib. Mən hadisə vaxtı əkin sahəsində idim. Elə bil, ürəyimə damdı. Heç kim mənə heç nə demədi. Maşına mindim, gəldim şəhərin mərkəzinə. Gəldim ki, şəhərdə qan su yerinə axır və o meyitlərin sırasında atamın cansız bədənini gördüm”.
Həmin gün raket zərbələrinin təsirindən mülki infrastruktur obyektlərinə, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinə və nəqliyyat vasitələrinə ziyan dəyib. Hətta elə evlər var ki, ermənilərin atdığı raket həmin əraziyə düşüb və insanlar elə evlərinin qarşısında şəhid olub. Hadisə şahidi olan Sevinc Mustafayeva deyir ki, anası Leyla Mustafayeva da evinin qarşısında həlak olub:
“Hadisə düz bizim evin yaxınlığında baş verdi. "Smerç" raketinin bombacıqları evimizin qarşısına düşdü. Anam içəridə idi. Anama nə qədər elədik ki, çıxma çölə. Ancaq bizi dinləməyıb çıxdı. Çünki artıq Bərdəyə birinci raket düşmüşdü. Birinci raket atılanda artıq çoxlu yaralı vardı. Anam çıxıb onlara kömək edirdi. Həmin vaxt ikinci raket atıldı. Anam insanlara kömək etdiyi yerdə şəhid oldu. Onun qolu kəsilmişdi. Kürəyi deşik-deşik olmuşdu. Anam düz darvazamızın yanında şəhid oldu. Mənim anam müharibəyə getməmişdi. Müharibə gəlmişdi bura. Evimizin düz qabağına. Müharibə gəldi və anamı aldı. Bu hansı müharibə qanunlarına sığır? Ermənilər buna görə cavab verməlidirlər”.
Bərdədə ermənilərin törətdiyi terror hadisəsinin qurbanlarının anım mərasimi
Amma ermənilərin şəhəri qadağan olunmuş raketlərdən atəşə tutması bərdəlilərin iradəsini sarsıda bilmədi. Həmsöhbət olduğumuz hər kəs bu mübarizliyini öz sözləri ilə də ifadə edə bilir. Erməni terrorunda atası Ruslan Abbasovu itirən Maya Abbasova da:
“Atamla hər zaman fəxr edirəm. Atam öz iş yerində terrorun qurbanı oldu. Oktyabrın 28-də Bərdəyə atılan raket nəticəsində şəhid oldu. Atamın heç bir günahı yox idi. Bu hücum bizim iradəmizi qıra bilmədi və bilməz də. Bərdəliləri bu və bu kimi faktlar sarsılda bilməz. Çünki biz qalib ölkənin vıətəndaşlarıyıq və ermənilərə bir daha sübut etdik ki, onların əl atdıqları bu dünya qanununa sığmayan iyrənciliklər bərdəliləri qorxutmadı. Allah atama və onun simasında bütün şəhidlərimizə rəhmət eləsin. Əminəm ki, onların ruhu şaddır. Çünki vətənimizin işğalda olan torpaqları azaddır və biz qalib ölkənin vətəndaşlarıyıq”.
Qeyd edək ki, bu gün ermənilərin Bərdə şəhərində törətdikləri terror aktından bir il ötür və terror qurbanlarının anım mərasimi keçirilib. Tədbir terror aktı baş verən ərazidə, Bərdə şəhəri Bakı küçəsində qurulmuş xatirə lövhəsinin qarşısında təşkil olunub. Mərasimdə millət vəkilləri, rayon rəsmiləri, Bərdə sakinləri ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən gələn insanlar iştirak ediblər. Mərasimdə şəhidlərin, o cümlədən Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə üzərinə gül dəstələri düzülüb.
Eləcə də oxuyun:
* Beynəlxalq məhkəmələr Bərdə işini icraata götürüb - millət vəkili
* Faciənin 1 ili: İndi Aysunun məzarını məktəb çantası, geyimləri və dəftər-qələmi bəzəyir
* Bərdə erməni terrorunun qurbanlarını anır: "Düşmən günahsız anamı məndən aldı"