BAKI, 27 oktyabr — Sputnik. Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var. Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, nazirin 3 müavini olacaq.
Səhiyyə nazirinin səlahiyyətləri artırılıb
Fərmanla nazirin səlahiyyətləri sırasına aşağıdakılar əlavə edilib:
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim etmək;
Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək;
Müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir
Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq etmək.
Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılacaq
Səhiyyə Nazirliyində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılacaq.
Apellyasiya Şurasının əsasnaməsini nazir təsdiq edəcək.
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin reyestri aparılacaq
Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri aparılacaq.
Dövlət reyestrini aparmaq nazirliyin vəzifələri sırasına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.