BAKI, 27 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Zərifə Əliyeva küçəsində avtobus zolağı nəzarətə götürülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AYNA xəbər yayıb.
Məlumata görə, adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir, sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur.
Çoxsaylı müraciətləri nəzərə alaraq AYNA əməkdaşları Zərifə Əliyeva küçəsini nəzarətə götürüblər və hərəkətin tənzimlənməsində onlara Dövlət Yol Polisi əməkdaşları yardım edirlər.
Qeyd edək ki, avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.