BAKI, 25 oktyabr — Sputnik. "Şənbə və bazar günləri qadınlar işləməsin".
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.
Avropanı misal çəkən deputat bildirib ki, orada həftəsonu qadınlar daha çox uşaqları ilə vaxt keçirirlər: "Ona görə Azərbaycanda da qadınların istirahət günlərində işləməməsini təklif edirəm".
"Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar", - deyə deputat əlavə edib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Hesabat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Dövlət Komitəsi 2022-ci ildə əsasnaməsi ilə müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun fəaliyyət göstərib. Qurum öz fəaliyyətində bütün dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları və media quruluşları ilə səmərəli əməkdaşlıq edib.