QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Qarabağ separatçılarını Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıbmış

Ermənistanın baş naziri Qarabağ separatçılarının başçısı Samvel Şahramanyanla söhbətində hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almaq üçün Azərbaycanın bütün tələbləri ilə razılaşmağa çağırıb.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Baş nazir Nikol Paşinyan separatçıların başçısı Samvel Şahramanyanı Azərbaycanın Qarabağ bölgəsində yerli antiterror tədbirlərinə son qoymağa və Bakının bütün tələbləri ilə razılaşmağa çağırıbmış. Ermənistanın “Hraparak” nəşri mənbələrə istinadən bu barədə yazıb.
Qəzet qeyd edib ki, Azərbaycan tərəfi separatçılara ordunun və bütün qurumların buraxılması, silahların təhvil verilməsi tələblərini çatdırdıqdan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla telefonla danışıb. Danışıqlar zamanı sonuncu, hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almaq üçün rəsmi Bakının bütün tələblərini yerinə yetirməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, geniş miqyaslı təxribatların qarşısının alınması məqsədilə, Ermənistan Silahlı Qüvvələrinin tərksilah edilməsi və birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş torpaqlara qayıdan dinc əhalinin təhlükəsizliyini təmin etmək, tikinti-bərpa işlərində cəlb olunan mülki qulluqçuların və Azərbaycan hərbçilərinin, habelə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədi ilə regionda yerli xarakterli antiterror tədbirləri başlanıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 20 sentyabr 2023-cü il saat 13:00-da yerli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələri və erməni qeyri-qanuni silahlı birləşmələri silahı yerə qoyub döyüş mövqelərini və hərbi postlarını tərk edərək tamamilə tərksilah edilir; Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycan Respublikasının ərazisini tərk edir, silahlı birləşmələr buraxılır. Paralel olaraq Rusiya sülhməramlı kontingenti ilə birbaşa koordinasiya təmin edilərək bütün silahlar, sursat və ağır texnikalar ötürülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.