BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub.
C.Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.
Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.