BAKI, 22 oktyabr - Sputnik. Aİ-yə üzv ölkələrin liderləri dekabrın ortalarında Türkiyənin gələcək üzvlük prosesi üçün “yol xəritəsi”ni müəyyən edəcəklər. Bu barədə ölkənin ticarət naziri Ömər Bolat məlumat verib.
Türkiyə 1963-cü ildə Aİ (o zaman Aİİ) ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl, BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım gələrsə, Türkiyə ilə Aİ-nin yollarının “ayrıla biləcəyini” demişdi.
Noyabrın 8-də Aİ-nin genişlənmə hesabatı ilə Türkiyə ilə bağlı dosye açacağını qeyd edən Bolat, dekabrın ortalarında üzv ölkələrin liderlər səviyyəsində Türkiyə üçün yol xəritəsi müəyyən edəcəkləri müjdəsini verib.
Ərdoğan daha əvvəl demişdi ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri “mümkün qədər tez” göndərməyə razılaşıb. İsveç Avropa Birliyinin üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.