BAKI, 21 oktyabr — Sputnik. Beynəlxalq federasiyaların Rusiyaya qarşı siyasəti bütün dünya idman ictimaiyyətini təhdid edir.
Bunu xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici Işlər Nazirliyinin beynəlxalq idman əməkdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Xorev "Rusiya ilə sülh: beynəlxalq idman əməkdaşlığının yeni formatları" dəyirmi masası çərçivəsində bildirib.
Qeyd üdək ki, cümə günü Permdə "Rusiya - idman dövlətidir" adlı beynəlxalq forumunun ikinci günü keçirilib.
"Bəzi ölkələr Rusiya idmanını boykot edir, lakin bu, mənasız fikirdir. Bu, sadəcə olaraq, ölkəmizə xələl gətirmək istəyidir, bu, milli mənsubiyyətə görə ayrı-seçkilikdir, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Biz idmanın siyasiləşdirilməsinin əleyhinəyik və bu mövqemizə qətiyyətlə sadiq qalacağıq. Biz idmançılarımızın mənafeyini əzmlə qoruyacağıq, biz bunu davamlı olaraq və bütün platformalarda edirik. Etiraf etməliyik ki, bizim mövqeyimiz Olimpiya hərəkatında iştirak edən ölkələrin böyük əksəriyyəti tərəfindən dəstəklənir, baxmayaraq ki, bir çox iştirakçılar bəzi strukturların vicdansız təzyiqi altındadır. Biz dünya idmanında böhran vəziyyətindən danışmalıyıq. Bu vəziyyət yeni formatların və qurumların yaradılmasını, eləcə də dost ölkələrlə qarşılıqlı fəaliyyətə istiqamətlənməyi tələb edir", - deyə Xorev bildirib.
"Rusiyaya qarşı aparılan siyasətin absurdluğu bütün dünya idman ictimaiyyətini təhdid edir. Amma biz bu vəziyyəti dəyişə bilərik", - deyə Rusiya XİN-in xüsusi nümayəndəsi əlavə edib.