BAKI, 21 oktyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Misirdə keçirilən dövlət və hökumət başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Qahirəyə gedib. Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Zirvə Toplantısında Qəzzada baş verənlər, Fələstin münaqişəsinin nəticələri, necə inkişaf edəcəyi və sülh prosesi müzakirə olunacaq.
Bu gün keçiriləcək zirvə toplantısı çərçivəsində Hakan Fidanın təkbətək görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda dünya mediası Qəzzada vəziyyətin daha da pisləşdiyindən xəbər verir. Yaxın Şərqin bir sıra şəhərlərində Qəzzanın mühasirəyə alınmasına qarşı etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə raket atıb və həmin gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyətin olduğunu elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkəsinin müharibə vəziyyətində olduğunu qeyd edib.
Münaqişə hər iki tərəfdən çoxsaylı insan tələfatı ilə müşayiət olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.