BAKI, 20 oktyabr — Sputnik. İsrail Qətərin "Əl-Cəzirə" telekanalının yayımını qadağan etmək və onun ölkə ərazisindəki bütün filiallarını bağlamaq qərarına gəlib.
Bu barədə "Now24" nəşri yazıb.
Nəşrin məlumatına görə, İsrailin rabitə naziri Şlomo Kari Baş nazir Benyamin Netanyahunun göstərişi əsasında təhlükəsizlik qüvvələrinin dəstəyi və hökumətin hüquq müşaviri ilə koordinasiyalı şəkildə "Əl-Cəzirə" televiziya kanalı ilə bağlı fövqəladə müddəaları Nazirlər Kabinetinin təsdiqinə təqdim edib.
Qeyd olunur ki, bu qərara səbəb İsraildə ölkənin təhlükəsizliyini təhdid edən yayım şirkətlərinin bağlanması üçün fövqəladə müddəaların tətbiq edilməsi olub.
Rabitə naziri bildirib ki, İsrail hazırda müharibə vəziyyətindədir, buna görə də dövlətin təhlükəsizliyinə xələl gətirən yayımlara icazə verməyəcək. Hökumət rəsmiləri deyirlər ki, "Əl-Cəzirə" telekanalının verilişləri və reportajları İsrailə qarşı təhrik edir, dövlətin təhlükəsizliyinə zərər verir, həmçinin terror təşkilatlarının maraqlarına xidmət edir.
Bu yaxınlarda "KP.RU" saytı İsrailin informasiya müharibəsində nəyə görə uduzduğunu bildirib. Qeyd olunub ki, İsrail hakimiyyəti Qərbdə ictimai rəyə nəzarət etmək imkanlarını həddən artıq qiymətləndirib.