BAKI, 18 oktyabr — Sputnik. BRİKS ölkələrinin yeni rəqəmsal valyutası assosiasiyaya daxil olan dövlətlərin valyuta səbətinə bağlana bilər. Onların arasında Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası var, 2024-cü il yanvarın 1-dən isə Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya təşkilata tamhüquqlu üzv olacaqlar.
Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov "İzvestiya" ilə söhbətində bildirib.
Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, rəqəmsal valyutanı dollara bağlamaq lazım deyil, o, müxtəlif valyutalara, o cümlədən rubl və yuana qarşı kotirovka edilə bilər. Siluanov əlavə edib ki, bu gün BRİKS-in rəqəmsal hesab vahidinin yaradılması məsələsi müzakirə mərhələsindədir, lakin hamı bu təşəbbüsün perspektivlərini başa düşür.
"Bununla belə, həyat elədir ki, bizə etibarlı ödənişlər, sabit maliyyə kommunikasiyaları lazımdır, bunun üçün infrastruktur lazımdır. Rəqəmsal təməl yaxşı perspektivdir", - deyə o bəyan edib.
Siluanov, həmçinin BRİKS-ə üzv ölkələrin məhdudiyyətsiz və problemsiz hesablaşmalarda maraqlı olduqlarını, buna görə də vahid rəqəmsal valyutanın yaradılması məsələsinin gündəmə gəldiyini iddia edib.
Bundan əvvəl Rusiya Federasiyasının Maliyyə Nazirliyi BRİKS ölkələrinə ticarətin təşkili üçün blokçeyn texnologiyasına əsaslanan yeni hesab vahidi yaratmağı təklif edib. İqtisadi İnkişaf Nazirliyi bu ideyanı dəstəkləyib, çünki belə qərarlar dollardan asılılığın azaldılmasına və bir sıra ölkələrlə ticarətdəki disbalansdan qurtulmasına kömək edəcək.