CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük tələbi aradan qaldırılır

Qanun layihəsinin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək.
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Bu gün Milli Məclisdə "Ovçuluq haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır.
Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin səmərəli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanunda ovçular cəmiyyətinə üzv olmaq ovçuların hüququ kimi qeyd edilsə də, qanunun 14.3-cü maddəsində ov etmək üçün icazə verilməsinə görə ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmədiyi göstərilib. Ovçular cəmiyyətinə üzv olmaq ovçunun hüququ olmasına baxmayaraq, ov etmək üçün icazənin verilməsinə görə üzvlük biletinin tələb edilməsi qanunun iki norması (18.1.2-ci maddəsi və 14.3-cü maddəsi) arasında uyğunsuzluğun yaranmasına səbəb olub. Qanunun normaları arasında ziddiyyətin aradan qaldırılması məqsədilə qanunun 14.3-cü maddəsində "və üzvlük bileti" sözlərinin çıxarılması, 19.0.1-ci maddəsinin ləğv edilməsi təklif edilib.
Qanunun 19.0-cı maddəsinə görə, hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib.