BAKI, 17 oktyabr - Sputnik. Füzuli rayonu və Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib. Sputnik Azərbaycan xəbər verir k, şanlı ordumuzun aramsız həmlələri nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır.
Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir.
Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır.
Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Həmçinin oxuyun:
Füzuli şəhərinin işğaldan azad olunduğu gün – 17 oktyabr!
İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür