PAYTAXT XƏBƏRLƏRİ

Bakıda qeyri-müntəzəm sərnişin daşıyan sürücülərə qarşı reyd keçirilib

Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi ilə birlikdə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib.
Sputnik Azərbaycan bu barədə RİNN-ə istinadən xəbər verir.
Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir. Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Buraxılış vəsiqəsini AYNA 7 il müddətinə verir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik "AYNA" İnformasiya Sisteminin "Daşıyıcılar" altsistemini istifadəyə verib. İstifadəçilər "e-xidmet.ayna.gov.az" portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə təhlükəsizliyin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.