BAKI, 16 oktyabr — Sputnik. Hakim "Gürcü arzusu" partiyası Gürcüstan Konstitusiya Məhkəməsinin ölkə prezidenti Salome Zurabişvilinin Konstitusiyanı pozması ilə bağlı çıxardığı hökmü yeganə düzgün qərar adlandırır.
Konstitusiya Məhkəməsi altı hakimin üçə qarşı səsi ilə prezident Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərlə bağlı ölkə Konstitusiyasını pozduğunu müəyyən edib.
"Konstitusiya Məhkəməsi bu qərarı ilə sadə həqiqəti təsdiqlədi ki, Konstitusiyaya görə Gürcüstan parlamentli respublikadır və burada daxili və xarici siyasəti parlament və hökumət həyata keçirir. Salome Zurabişvili Konstitusiyaya verdiyi anda xəyanət edib". Bu barədə brifinqdə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, bu həftə parlament çoxluğu prezidentə qarşı impiçment proseduru ilə bağlı səsvermə yolu ilə Zurabişvilinin Gürcüstan prezidenti olmağa layiq olmadığını təsdiq edəcək.
Eyni zamanda o qeyd edib ki, parlament çoxluğu deputatların lazımi səsinə malik olmadığından prezidentə qarşı impiçment prosedurunun həyata keçirilməsi praktiki olaraq mümkün deyil.
"Parlamentdə impiçment proseduru başa çatsa da, biz qarşıya qoyulan məqsədə artıq nail olmuşuq - Salome Zurabişvilinin Konstitusiyanı pozması cavabsız qalmadı. Bu gündən Salome Zurabişvili bizim üçün Gürcüstanın formal olaraq prezidenti kimi qəbul edilir", - Kobaxidze bildirib.