DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN: İsrailin hərəkətləri özünümüdafiədən kənara çıxıb

ÇXR mülki şəxslərə zərər verən bütün hərəkətlərə qarşıdır və onları pisləyir, çünki onlar insan vicdanına ziddir və ən əsası beynəlxalq hüququ pozur.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətləri özünümüdafiədən kənara çıxıb. İsrail hakimiyyətini və hərbçilərini Qəzza zolağında yaşayan fələstinlilərə qarşı “kollektiv cəza”dan əl çəkməyə çağırırıq. Bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Van İ Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanla telefon danışığında deyib ki, Çin mülki şəxslərə zərər verən bütün hərəkətlərə qarşıdır və onları pisləyir, çünki onlar insan vicdanına ziddir və ən əsası beynəlxalq hüququ pozur.
Çinin xarici işlər naziri Van İ
Çin Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, İsrail hərbi münaqişənin daha da genişlənməsindən çəkinməli və Fələstinin İslami HƏMAS hərəkatının nümayəndələri ilə dərhal sülh danışıqlarına başlamalıdır. Van İ qeyd edib ki, Çin hazırda atəşkəsi təşviq etmək və müharibəni dayandırmaq üçün bütün tərəflərlə sıx əməkdaşlıq edir.

"Çin hesab edir ki, Fələstinə qarşı yarım əsrdən çox davam edən tarixi ədalətsizlik artıq davam edə bilməz", - Çinin xarici işlər naziri əlavə edib.

Fələstin-İsrail münaqişəsinin gərginləşməsi oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının İsrailə raket atmağa başlaması ilə başlayıb. Oktyabrın 10-da İsrailin müdafiə naziri Yoav Qalant ordunun Qəzza zolağında genişmiqyaslı hücuma keçdiyini elan edib. Bunun fonunda humanitar vəziyyət daha da pisləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.