BAKI, 12 oktyabr — Sputnik. Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyası (PA) üzrə tərəfdaşlarına ölkədə arzuolunmaz xarici qeyri-hökumət təşkilatlarının (QHT) siyahısını və xarici agentlərin reyestrini təqdim edəcək.
Bunu Rusiya Dövlət Dumasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması üzrə komissiyasının rəhbəri Vasili Piskaryov deyib.
Qeyd edək ki, MDB PA-nın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
"MDB ölkələrindən olan tərəfdaşlarımıza Rusiyada dövlətimizin təhlükəsizliyinə təhlükə yaradan 110 arzuolunmaz xarici QHT-nin siyahısını təqdim edəcəyik", - deyə Piskarev jurnalistlərə bildirib.
O, əlavə edib ki, həmçinin xarici agentlərin reyestri də veriləcək.
Dövlət Duması komissiyasının rəhbəri izah edib ki, MDB ölkələrinin millət vəkillərinin prioritet vəzifəsi xarici müdaxilə cəhdlərinə birgə mübarizə aparmaqdır.
Onun fikrincə, "Avrasiya məkanındakı təhdidlərin ortaqlığını nəzərə alaraq, ötürdüyümüz məlumatlar MDB-nin hər bir dövlətində, o cümlədən seçkilər zamanı vəziyyətin sabitliyini pozmaq üçün xarici xüsusi xidmət orqanlarının işinin qarşısını almağa kömək edə bilər".
"Ölkəmizdə başqalarının xarici maraqlarını müdafiə edənlər haqqında məlumat qonşularımız üçün də maraqlı ola bilər", - deyə Piskaryov hesab edir.
Sənədlər cümə axşamı Sankt-Peterburqda açılacaq "MDB PA-ya üzv olan dövlətlərin seçki suverenliyinin müdafiəsi" konfransı zamanı təqdim olunacaq. Tədbir Belarusda vahid səsvermə gününü və 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün monitorinq kampaniyalarına hazırlıq çərçivəsində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.