BAKI, 12 oktyabr — Sputnik. "Mən Füzuliyə deyib gülərək, övladlarımın əlindən tutub qayıtmaq istəyirdim. Amma övladım məndən əvvəl Füzuliyə qayıtdı, şəhidlik məqamına ucalaraq. Mən isə bu gün, düz 31 ildən sonra öz doğma torpağıma, evimə qayıtdım. Elə oğlumun məzarı da Füzulidədir. O, şəhid olarsa Füzulidə dəfn edilməsini vəsiyyət etmişdi".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında oktyabrın 11-də Qaradağ rayonundan Füzuliyə yola salınan 59 nəfərdən biri, 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində şəhid olmuş Ülvi Mikayılovun anası Günel Abbasova söyləyib.
G.Abbasova bildirib ki, Füzulidən 10 yaşında çıxıb. 31 il məcburi köçkün həyatı yaşayan Abbasova ən böyük arzusunun ata-baba ocağına qayıtmaq olduğunu söyləyir.
"Amma mən Füzuliyə belə qayıtmaq istəmirdim. Füzuli işğaldan azad olunduqda sevinmişdim ki, illərin həsrəti sona çatır. Mən nəhayət balalarımla birgə Füzulidə evimə qayıdacağam. Bu gün artıq Füzulidə köhnə məhəlləmizdə tikilən yeni evimizdəyəm. Təəssüf ki, oğlum Ülvi bu günü görmədi. O bu torpağa şəhid kimi qayıtdı", - deyə şəhid anası bildirib.
G.Abbasova Füzuliyə şəhid anası kimi qayıtmağından fəxr hissi keçirdiyini söyləyib. Bildirib ki, oğlunun 40 mərasimi üçün Bakıya qayıtmalı olsa da, hüzr mərasimindən sonra birdəfəlik öz ata-baba ocağında yaşayacaq.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.