BAKI, 11 oktyabr — Sputnik. Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində gələcək fəaliyyəti məsələsi Moskva və Bakı arasında müzakirə olunacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Sülhməramlıların sonrakı rejimi Azərbaycan tərəfi ilə müzakirə olunacaq", - Peskov jurnalistlərin MDB-nin Bişkekdə keçiriləcək sammitindəki danışıqlar zamanı bu mövzunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualına cavabında deyib.
Kreml nümayəndəsi qeyd edib: "Əlbəttə, biz erməni dostlarımızla da əlaqələrimizi davam etdirəcəyik".
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Qarabağı tərk etsələr, Ermənistana yerləşdirilə bilməyəcəkləri, ancaq Rusiyaya qayıtmalı olacaqları ilə bağlı sözlərinə münasibət bildirən Peskov vurğulayıb ki, bu məsələ iki ölkə lideri arasında telefon danışığı zamanı müzakirə olunmayıb.
"De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədir, bunu Ermənistanın baş naziri Paşinyan da qəbul edir", - Kreml nümayəndəsi əlavə edib.