BAKI, 11 oktyabr - Sputnik. "Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır, onlar Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin yaşayış yerlərinə mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər". Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Liderlər sabah oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi Qırğızıstanda olacaqlar.
"Nahardan sonra Azərbaycan Respublikasının Prezidenti Əliyevlə söhbət planlaşdırılır. Deyə bilərəm ki, biz bu təmaslara böyük əhəmiyyət veririk. Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir. Prezidentlər həm iqtisadiyyat, həm də nəqliyyat-logistika, energetika və sənaye sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar”, - deyə Uşakov jurnalistlərə bildirib.
"Və təbii ki, onlar Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcəklər. Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət etməklə Azərbaycanın hüquqi sahəsinə sülh yolu ilə inteqrasiyası var və Rusiya sülhməramlı kontingenti öz töhfəsini verməyə hazırdır. Məhz Rusiya sülhməramlıları ətrafında vəziyyəti ümid edirik ki, prezidentimiz prezident Əliyevlə müzakirə edəcək”, - deyə Uşakov əlavə edib.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır.
“Və burada kontingentimizdən mümkün sonrakı istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində”, - deyə Rusiya prezidentinin köməkçisi bildirib.