BAKI, 10 oktyabr — Sputnik. BMT-də islahatların aparılması üçün bütün səylər beynəlxalq hüququn aliliyinin bərqərar olmasına və Təşkilatın dünya siyasətinin mərkəzi əlaqələndirici orqanı kimi dirçəldilməsinə yönəldilməlidir.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, eyni zamanda, Qlobal Cənubun maraqlarını əks etdirən yeni tipli assosiasiyaların potensialından tam şəkildə istifadə edilməlidir:
"Bu, ilk növbədə, Yohannesburq sammitindən sonra nüfuzunu xeyli artıran və həqiqətən qlobal təsir əldə edən BRİKS-dir. Regional səviyyədə Afrika İttifaqı, Ərəb Liqası və digər strukturlar kimi təşkilatların renessansı müşahidə olunur. Avrasiyada ŞƏT, ASEAN, KTMT, Aİİ, MDB, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində inteqrasiya proseslərinin uyğunlaşdırılması geniş vüsət alır. İstisnasız olaraq qitəmizin bütün birliklərinin və ölkələrinin iştirakı üçün açıq olan Böyük Avrasiya Tərəfdaşlığının təbii formalaşması mövcuddur".
Lavrov qeyd edib ki, müsbət tendensiyalar Qərbin dünya siyasətində, iqtisadiyyatında və maliyyəsində hökmranlığını saxlamaq üçün getdikcə daha aqressiv cəhdləri ilə ziddiyyət təşkil edir:
"Dünyanın təcrid olunmuş ticarət bloklarına və makroregionlara parçalanmasının qarşısını almaq ümumi maraqlara uyğundur. Amma əgər ABŞ və onun müttəfiqləri qloballaşma proseslərinə ədalətli, bərabərhüquqlu xarakter verməklə razılaşmaq istəmirlərsə, o zaman qalanlar nəticə çıxarmalı və özlərinin sosial-iqtisadi inkişafı üçün perspektivlərin açılmasına kömək edəcək addımlar barədə düşünməli olacaqlar".