BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev və Andrey Belousov bazar ertəsi Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsini müzakirə ediblər. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, tərəflər nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivlərini, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini və gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin (BND) imkanlarının genişləndirilməsi çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və İran dəmir yolunun çatışmayan hissəsinin tikintisini başa çatdırırlar. Belə ki, bu ilin may ayında Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun yaradılması üçün layihələndirmə, tikinti və malların və xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd, mərasimə videobağlantı vasitəsilə qatılan dövlət başçıları - İran lideri İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanıb.
Həmçinin bildirilib ki, Rusiya bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracaq. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Rəşt-Astara hissəsinin dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.