BAKI, 9 oktyabr - Sputnik. "Tel-Əvivdə olan zaman Azərbaycan diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq bizimlə əlaqə saxlayırdı". Bunu İsraildən İsraildən Azərbaycana qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.
Müğənni Tel-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını deyib:
"Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi, biz də düşdük", - deyə müğənni bildirib.
Onun sözlərinə görə, Azərbaycanın diaspor və səfirlik nümayəndələri hoteli tərk etməməyimizi məsləhət bildilər.
"Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm", - deyə, müğənni bildirib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.
Qeyd edək ki, İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah təşkilatı Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.