AZƏRBAYCAN XƏBƏRLƏRİ

Spiker: Heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz

Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz.
Sputnik
BAKI, 6 oktyabr - Sputnik. "Avropa Parlamentində qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsinə münasibət bildirərkən deyib.
Sədr bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir: “Sözügedən sənəd, əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanıb, bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub. Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq, ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsin ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər rahat nəfəs alacaq”.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Avropa Parlamenti Azərbaycanın Qələbəsi ilə barışa bilmədiyini dəfələrlə nümayiş etdirib. Azərbaycana qarşı etnik təmizləmə ilə bağlı qətnamənin qəbul edilməsi də bunlardan biridir.
Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz.
"Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi riyakarlığın ən bariz nümunəsidir"-, deyə o əlavə edib.