RUSİYA

Zaxarova Rusiya, Aİ və ABŞ rəsmilərinin İstanbulda görüşdüyünü təsdiqlədi

Tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.
Bu barədə Rusiya Xİ-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, "Politico" nəşrinin "Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib" məlumatını şərh edərək bunun gizli olmadığını diqqətə çatdırıb. O qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.
Qeyd edək ki, "Politico"nun məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurların, yəni Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub.
Nəşr iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.