BAKI, 3 oktyabr — Sputnik. Oktyabrın 5-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatına start veriləcək.
Federasiyanın rəsmi saytının yaydığı xəbərə görə, oktyabrın 7-dək davam edəcək yarışda "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat və Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.
Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında çıxış edəcəklər.
Qeyd edək ki, yarışlar hər gün saat 10:00-da başlayacaq.