CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Deyirlər, adına köhnə sovet maşını var, sənə yardım düşmür" - Deputat ÜSY-dən danışıb

Siyavuş Novruzov ünvanlı sosial yardım məsələsinə yenidən baxılmasını təklif edib.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. "Biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub. Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı?".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar.
“15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "Adına köhnə sovet maşının var, sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var, sənə yardım düşmür", - deyə o qeyd edib.
Siyavuş Novruzov əlavə edib ki, bu gün Qarabağda, hər yerdə quruculuq işləri gedir: “Bakıda və regionlarda ipoteka şərtləri eyni olmamalıdır. Gənclərin regionlarda qalması üçün biz bəzi güzəştlər müəyyən etməliyik.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur.
Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.