BAKI, 30 sentyabr - Sputnik. Müdafiə Nazirliyi xəbər verib ki, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib.
Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.