İDMAN

Rusiyada şahmat oynamaq üçün beynəlxalq onlayn platforma yaradılır

Saytda təkcə digər oyunçularla rəqabət aparmaq deyil, həm də müxtəlif mürəkkəblik səviyyələrində ustad dərsləri və təlim kursları keçmək mümkün olacaq.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Rusiya İT tərtibatçıları şahmat oynamaq və öyrətmək üçün beynəlxalq onlayn platforma yaradacaqlar.
Bu barədə "İzvestiya" xəbər verib.
Portal Chess.ru adlanacaq, müvafiq domen artıq tərtibatçılar tərəfindən 2,7 milyon rubla alınıb. Layihənin sahibi və Chess.ru ASC-nin baş direktoru Pavel Osipovun izah etdiyi kimi, saytda təkcə digər oyunçularla rəqabət aparmaq deyil, həm də müxtəlif mürəkkəblik səviyyələrində ustad dərsləri və təlim kursları keçmək mümkün olacaq. Tərtibatçılar, veb-saytdan əlavə, iOS və Android üçün proqram təqdim etməyi də planlaşdırırlar.
"Rusdilli şahmat istifadəçilərinin onlayn auditoriyası hazırda 1 milyonu ötüb. Chess.ru artıq məlum olan qabaqcıl dünya platformalarının nümunələrindən istifadə etməklə şahmat oynamaq və oynamağı öyrənmək üçün onlayn platforma kimi yaradılır" - Osipov deyib.
Onun sözlərinə görə, layihənin yaradılmasında əsas çətinliklərdən biri fırıldaqçılıqla mübarizə - oyunçuların onlara şahmat oyunlarında qalib gəlmələrinə kömək edən texnologiyalardan istifadə etməsi olub. O qeyd edib ki, tərtibatçılar saytın alqoritmlərinə vicdansız oyunları aşkar edəcək süni intellekt tətbiq etməyi planlaşdırırlar.
Layihənin 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Məlumdur ki, bu vaxta qədər yaradıcılar məşhur qrossmeysterlərlə əməkdaşlığa başlamağı planlaşdırırlar, lakin detallar hələ ki, açıqlanmır.