BAKI, 29 sentyabr — Sputnik. "2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb".
Bunu Respublika Hərbi prokuroru Xanlan Vəliyev deyib.
Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.
Azərbaycanın hərbi prokuroru bildirib ki, son günlər erməni silahlı birləşmələrinin törətdiyi cinayətlərə görə 6 cinayət işi açılıb.
Xanlkar Vəliyev qeyd edib ki, mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib:
"Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd); 29,120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd); 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürmə); 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə); 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə); 279.3-cü (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə 6 cinayət işi başlanılıb və mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib".