SƏHİYYƏ

Xəstələrə dərmanlar icbari tibbi sığorta ilə pulsuz veriləcək

Zaur Əliyev bildirib ki, agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. "Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: "Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb".
Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb: "Proses davam edəcək".
O, həmçinin gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunmasını hədəflədiklərini də söyləyib. Bildirib ki, bu gün tibb müəssisələrində çalışan ixtisaslar üzrə həkimlərin orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 400 manatdan 2 600 manatadək yüksəlib.
"Bundan yüksək əməkhaqqı alanlar da var", - sədr vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.