Son zamanlar Azərbaycan banklarının verdiyi kreditlərin həcmi xeyli artıb. Eyni zamanda, təkcə banklardan deyil, bank olmayan kredit təşkilatlarından da külli miqdarda borclar yığılıb.
Bu barədə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
"Azərbaycanda sabit bank sistemi var, milli valyutanın məzənnəsi dəyişməyib. Digər ölkələrdəki iqtisadi və siyasi qeyri-sabitlik bizim bank sisteminə təsir etmir", - deyə Sadıqov qeyd edib.
Professor vurğulayıb ki, Azərbaycanın möhkəm valyuta ehtiyatları var, dövlət borcu isə cüzidir. O, əminliklə bildirib ki, Azərbaycan qlobal iqtisadi təlatümlər şəraitində iqtisadiyyatın uğurlu inkişafının bariz nümunəsidir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı pul siyasətini elə tənzimləyir ki, ölkədə kiçik və orta biznes fəallaşsın, kənd təsərrüfatı da inkişaf etsin”, - deyə Sadıqov fikrini yekunlaşdırıb.