BAKI, 28 sentyabr — Sputnik. Cari ildə Rəqabət Məcəlləsinin qəbul olunacağı gözlənilir. Bu məcəllənin qəbulu ilə rəqabət sahəsi tənzimlənəcək və bu proses daha da şəffaf olacaq.
Keyfiyyət və keyfiyyətə nəzarətlə bağlı ilin sonunda ölkədə böyük sıçrayış olacaq. Artıq bununla bağlı müxtəlif layihələr hazırlanaraq təqdim olunub.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən forumda deyib.
Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müstəqilliyin ilk illərində görülən işlərdən, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər, hüquqi bazanın yaradılmasından danışıb: “Azərbaycanda sahibkarlığın inkişafının təməli məhz o dövrdə qoyulub. İqtisadi sferada bir sıra nailiyyətlər əldə olunub. İstehlakçı hüquqlarının qorunması daim diqqətdə saxlanılır”.
Millət vəkili Tahir Mirkişili bildirib ki, uzun illər sahibkarlığın qanunsuz olduğu ölkədə Ulu öndər Heydər Əliyevin dövründə bazar iqtisadiyyatına keçid oldu: “Hələ o dövrdə Azərbaycanda “Haqsız Rəqabət” haqqında qanun qəbul edildi. Sahibkarlıq sinfini formalaşdırmaq, mövcud maneələri aradan qaldırmaq çox çətin olsa da, Ulu öndər bunu bacardı”.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOBİA tərəfindən mütəmadi olaraq sərgilərdə və ticarət şəbəkələrində məhsulların təqdimatına müvafiq dəstək verilir: “KOBİA tərəfindən istehlakçı və sahibkarlar üçün KOB evləri vasitəsilə maarifləndirici tədbirlər görülür”.
Millət vəkili Ziyad Səmədzadə isə bildirib ki, emal sənayemizin 70 faizini yeyinti sahəsi təşkil edir: “Azərbaycanın daxili bazarında yerli istehsalı inkişaf etdirmək üçün iri müəssisələr yaradılmalıdır. Maşınqayırma sənayesində də vəziyyət ürəkaçan deyil. Düşünürəm ki, regionlarda da yeni iş yerləri açılmalıdır”.