BAKI, 27 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İngiltərənin yeniyetmələrdən ibarət yığmalarının Rusiya yığmaları ilə oyunlardan imtina etməsinə münasibət bildirib.
Bunu "Sport-Ekspress" xəbər verib.
Bundan əvvəl UEFA İcraiyyə Komitəsi Rusiyanın yeniyetmələrdən ibarət futbol komandalarının onun himayəsi altında yarışmasına icazə vermək qərarına gəlib. Bunun fonunda İngiltərə Futbol Assosiasiyası Rusiya komandaları ilə matçlardan imtina edəcəklərini açıqlayıb.
"Britaniya rusofobları çoxdan eksklüzivlik sindromundan əziyyət çəkirlər", - deyə Zaxarova portalın müxbirləri ilə söhbəti zamanı qeyd edib.
Eyni zamanda diplomat ingilislərin özlərini ədalətli mübarizədən kənarda saxladıqlarına da diqqət çəkib.
Qeyd edək ki, UEFA Prezidenti Aleksander Çeferin də 17 yaşadək Rusiya millilərinin beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasının futbolçulara qarşı ayrı-seçkilik olduğunu bildirmişdi.