SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur

Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır, - Hikmət Hacıyev diqqətə çatdırıb.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. "Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur".
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Deutsche Welle"yə müsahibəsində vurğulayıb ki, Azərbaycanın gizlədəcək heç nəyi yoxdur.
"Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır", - Hikmət Hacıyev diqqətə çatdırıb.
O əlavə edib ki, ölkə həmişə Cənubi Qafqazda istənilən geosiyasi rəqabətin əleyhinə olub.
Hikmət Hacıyev həmçinin regiona geosiyasi rəqabət prizmasından baxmamağa çağırıb.
Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml ABŞ-ın Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.
"Biz hələlik burada heç bir konkretlik görmürük. Bundan sonra hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər", - o bildirib.
D.Peskov əlavə edib ki, Moskva da öz növbəsində həm İrəvan, həm də Bakı ilə əlaqələri davam etdirir.
O vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-dan fərqli olaraq de-fakto normallaşma prosesində iştirak edir.
"Qarşılıqlı fəaliyyət səviyyəsini və bizim bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək mümkün deyil" , - Kreml nümayəndəsi qeyd edib.