BAKI, 25 sentyabr — Sputnik. Mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. Nazir Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramı çərçivəsində zərbaycanın dilbər guşəsinin namizədliyini irəli sürüb.
Konfrans çərçivəsində Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu vurğulanıb, həmçinin qeyd olunub ki, bu dilbər guşə İslam sivilizasiyasının simvollarından biri olub. Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu.
Xatırladaq ki, 2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.