BAKI, 25 sentyabr — Sputnik. Rusiya ABŞ-ı sentyabrın 29-da Kazanda keçiriləcək Əfqanıstan üzrə Moskva formatlı toplantıda müşahidəçi qismində iştirak üçün dəvət etməyib. Bu barədə TASS-a Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat verib.
"Xeyr, onlar dəvət edilməyiblər və bu planlaşdırılmır", - Kabulov deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın iştirakı ilə Əfqanıstan üzrə genişləndirilmiş "üçlük" formatı işləmir. "İndi onu dördlük əvəz edir - Rusiya, Çin, Pakistan, İran. Bu format hələlik işləyəcək. Sonrasına isə baxacağıq", - diplomat əlavə edib.
Moskva formatının Əfqanıstan üzrə əvvəlki görüşü ötən ilin noyabrında Moskvada keçirilib. Bu format 2017-ci ildə Əfqanıstanda milli barışıq prosesinin irəliləməsinə kömək etmək üçün yaradılıb.