BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanın keçirdiyi antiterror əməliyyatı başqa yolun qalmadığını göstərən tədbir idi. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan "Türk Evi"ndə mətbuata verdiyi açıqlama zamanı bildirib.
"Bildiyiniz kimi əməliyyat çıx qısa müddətdə həyata keçirildi, mülki əhalinin təhlükəsizliyi təmin edildi. Anti-terror əməliyyatları bəlli silahlı qrupları hədəfə almışdı. Bu, bölgədə Azərbaycanın suverenlik hüququnun təmin edilməsinə yönəlmiş bir fəaliyyət idi. Biz də bunu bütün maraqlı tərəflərə çatdırmışıq" - Fidan deyib.
O, Ermənistana yanlış tövsiyələr verən qərbli müttəfiqlərinə də xəbərdarlıq edib:
"Xüsusilə Qərbdəki bəzi müttəfiqlərimiz Ermənistanı yönləndirərkən daha ağlabatan tövsiyələr verməlidirlər. Bölgənin reallıqlarına uyğun gəlməyən tövsiyyələr problemlərin həllindənsə, xaosu, qeyri- sabitliyi və göz yaşını gətirir".
Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenlə taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə edib. Türkiyə və ABŞ rəsmilərinin görüşü 45 dəqiqə davam edib.
Türkiyə XİN rəhbəri Nyu-Yorka səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb. XİN rəhbərləri Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş anti-terror əməliyyatları da daxil olmaqla regional məsələləri müzkairə edib. Görüşün sonunda Azərbaycan XİN rəhbəri türkiyəli həmkarına Qarabağ xalçası hədiyyə edib.