Qarabağın dirçəlişi və reinteqrasiyası

Xarici ölkələrin hərbi attaşeləri Qarabağdadırlar

Xarici ölkələrin hərbi attaşeləri erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar
Sputnik
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçirəcəklər.
Hərbi attaşelər daha sonra Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirində tərk edilmiş erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar.
Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən ətraflı məlumat verilib.
Bildirilib ki, bu hərbi hissə son əməliyyatlar zamanı separatçılar tərəfindən tərk edilib.
Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov deyib ki, Azərbaycan Ordusu hazırda bölgədə təhlükəsizliyin təmin edilməsi ilə məşğuldur: "Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəflərə zərbə endirib. Ordumuz 24 saatdan az bir müddətdə qarşıya qoyulan tapşırıqları icra edib.Hazırda qeyri-qanuni erməni silahlı birləşmələrinin silahlarının təhvil alınması prosesi həyata keçirilir".
"Eyni zamanda bölgənin minalardan təmizlənməsi prosesi həyata keçirilir", - o deyib.
"Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyətdə silahların təhvil alınması prosesini həyata keçirir. Artıq kifayət qədər silah sursat və texnikanın təhvil alınması prosesi həyata keçirilib", - Eyvazov bildirib.